Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılışı baş tutub

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılışı baş tutub
  24 Aprel 2024    Oxunub:1440
Aprelin 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində Qırğızıstanın dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış olublar.

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, ölkələrimiz müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir: “İki ölkənin liderlərinin səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə töhfə verib. Buna misal olaraq, dövlət başçılarının bu gün Bakıda keçirilən görüşləri və görüş zamanı müxtəlif sahələr üzrə imzalanan sənədləri qeyd etmək olar. Eyni zamanda qeyd etmək istərdim ki, Azərbaycan xalqı böyük qırğız yazıçısı Çingiz Aytmatova böyük sevgi ilə yanaşıb. Bu gün Bakıda iki ölkənin liderlərinin iştirakı ilə Çingiz Aytmatovun abidəsinin açılışı olub.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu möhtəşəm Mərkəzdə keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində dost xalqın tarixini əks etdirən sərgi ilə tanış olduq. Sabah isə Azərbaycan Milli Kitabxanasında hər iki ölkənin elm və qələm adamlarının görüşü gerçəkləşəcək. Qırğızıstandan gələn mədəniyyət xadimlərinə gözəl təqdimata görə təşəkkür edirəm və bildirmək istəyirəm ki, biz də Qırğızıstanda keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərinə hazırlaşırıq. İnanıram ki, bu tədbirlər hər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığa töhfə verəcək”.

Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov deyib ki, mədəniyyət bizə ata- babalarımızdan qalan mirasdır. Biz bu mirası gələcək nəsillərə ötürməliyik: “Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri xalqlarımız arasında ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək. Müasir Qırğız və Azərbaycan mədəni əlaqələri xalqlarımızı daha da yaxınlaşdıracaq. Xalqlarımız arasındakı münasibətləri geniş və əhatəli inkişaf etdirmək üçün mədəni əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bugünkü əməkdaşlıq gələcəyə nikbin baxmağa şərait yaradır”.

Altınbek Maksutov vurğulayıb ki, xalqlarımızın özünəməxsus tarixi var: “Mədəni müxtəlifliyimizi nümayiş etdirmək üçün həm Azərbaycan, həm də Qırğızıstanın çoxşaxəli imkanları var. İnanıram ki, bu əməkdaşlıq bizi daha da yaxınlaşdıracaq”.

Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olunub. Qırğızıstan ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.

Açılış mərasimində rəsmi şəxslər, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Qırğız Mədəniyyəti Günləri aprelin 26-da başa çatacaq.

AzVision.az


Teqlər: Azərbaycan   Qırğızıstan   mədəniyyət-günləri  





Xəbər lenti