Paşinyan həbs oluna bilər: Baş Prokurorluq araşdırmaların başlanmasını tələb edir

      Paşinyan həbs oluna bilər:    Baş Prokurorluq araşdırmaların başlanmasını tələb edir
  03 May 2024    Oxunub:746
Ermənistanın Baş Prokurorluğu baş nazir Nikol Paşinyanın mümkün cinayət əməllərinin araşdırılması üçün Milli Təhlükəsizlik Xidmətinə müraciət ünvanlayıb.
AzVision.az  xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib.

Paşinyan nədən qorxur? - 300 nəfərlik kəndə 3000 xüsusi təyinatlı yeridildi
"Müraciət Milli Təhlükəsizlik Xidmətinə ona görə ünvanlanıb ki, sənədlər, o cümlədən bir sıra əmlak arayışları yoxlanılsın. Araşdırmalardan sonra cinayət işinin başlanması məsələsi müzakirə olunacaq”, - Vardapetyan deyib.

Bundan əvvəl vəkil Ara Zohrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Ermənistan Baş Prokurorluğuna ölkə rəhbərinin fəaliyyətində cinayət əməllərinin olması ilə bağlı məlumatlar təqdim ediblər. Onlar Nikol Paşinyanın məsuliyyətə cəlb olunmasını istəyirlər.

Şikayətçi tərəf cinayət əməli kimi delimitasiya prosesinin başlanmasını nəzərdə tutub. Hansı ki, hər iki şəxs bu prosesi Ermənistan "ərazilərinin" Azərbaycana təslim edilməsi sayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Cinayət  





Xəbər lenti