Mədəniyyətlərarası Dialoq Forumunun Ağdamda xüsusi sessiyası baş tutub - FOTOLAR

   Mədəniyyətlərarası Dialoq Forumunun Ağdamda xüsusi sessiyası baş tutub -    FOTOLAR
  03 May 2024    Oxunub:767
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 3-də Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib.
Mədəniyyət Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, əvvəlcə qonaqlar 30 illik işğal zamanı Ermənistan ordusunun rayon ərazisində basdırdığı minaların, kustar üsulla hazırlanmış partlayıcı qurğuların və partlamamış hərbi sursatların sərgisi ilə tanış olublar. Minatəmizləmə əməliyyatı haqqında qısa film nümayiş etdirilib.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçən sessiyada Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev açılış nitqi ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqı 30 il öncə öz doğma yurdundan didərgin düşüb: “İşğaldan azad edilmiş ərazilərimizə daxil olanda bunu hər kəs görür. Bu gün işğaldan azad olunmuş ərazilərimizin hər yerində olduğu kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında da bərpa-quruculuq işləri yüksək səviyyədə davam etməkdədir. Bu ilin sonuna qədər Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə sakinlərin köçü başlayacaq. “Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələsi üzrə, yəni 2026-cı ilin sonunadək Ağdamda 12 kənd və Ağdam şəhərində 5 yaşayış kompleksi inşa olunacaq".

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Ağdam Azərbaycanın ən çox əhalisi olan şəhərlərindən biri olub: "Ağdam yüzlərlə mədəni abidəyə ev sahiblik edib. Təəssüflər olsun ki, hazırda həmin abidələri görə bilmirik. Otuzillik işğal ərzində Ağdamın zəngin mədəni-tarixi irsi dağıdılıb, məhv edilib, eləcə də Ermənistanın müxtəlif yerlərinə daşınıb. Əminəm ki, yaxın gələcəkdə Ağdam çiçəklənəcək, öz əzəmətini yenidən bərpa edəcək".

İşğal müddətində düşmən tərəfindən torpaqlarımıza yerləşdirilən minalardan danışan nazir müavini bildirib ki, Ağdam dünyanın ən çox minalanmış ərazilərindən biridir: "2020-ci ilin Vətən müharibəsindən sonra 60-dan çox insan mina partlayışı nəticəsində həlak olub, 300-dən çox şəxs yaralanıb. Hazırda minaların təmizlənməsi ilə bağlı işlər davam edir. Bu prosesdə ANAMA təşkilatının gördüyü işlər təqdirəlayiqdir".

ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro ölkəsi Zimbabvenin minaların təmizlənməsi sahəsində təcrübələrini bölüşüb.

UNESCO üzrə Malta Milli Komissiyasının sədri, mədəni irs üzrə ekspert Raymond Bondin minaların qeyri-maddi mədəni irs nümunələrinə vurduğu ziyandan danışıb.

BMT-nin İnkişaf Proqramının (BMTİP) mütəxəssisi Qadeem Tariq sessiyanın əhəmiyyətini qeyd edib. Söyləyib ki, bu günə qədər Azərbaycan mina təhlükəsi, onun təsirləri ilə bağlı bir çox konfrans keçirib: “Biz ümid edirik ki, bu gün təşkil edilən sessiya beynəlxalq ictimaiyyətin maariflənməsinə müsbət təsir göstərəcək”.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov düşmənin Qarabağa yerləşdirdiyi minalar haqqında məlumat verib: “Biz mədəni irsin dağıdılması zaman vandalizm terminindən istifadə edirik. Sizin Ağdama gələrək bu olanları öz gözlərinizlə görməniz çox vacibdir. Araşdırmalara görə, təkcə Ağdamda 1,5 milyondan çox minanın quraşdırıldığı təxmin edilir. Onlarla tarixi irs nümunəmiz minalanıb. Düşmən hətta qəbiristanlıqlara belə minalar yerləşdirib. Öz yaxınlarının məzarlarını ziyarət edən insanlar həmin minalara düşüblər".

Sessiyadan sonra qonaqlar üçün Ağdam şəhərinə ekskursiya təşkil edilib. Onlar şəhərdə otuz ilə yaxın davam etmiş işğal dövrünün dağıdıcı nəticələrini öz gözləri ilə görüb, Ağdamda aparılan bərpa-quruculuq işləri barədə məlumat alıblar.

Ekskursiya zamanı qonaqlar Ağdam Dövlət Dram Teatrının qalıqlarına baxıblar. Daha sonra İmarət kompleksində görülən işlərlə tanışlıq olub, Ağdam Cümə məscidi ziyarət edilib.

AzVision.az

Qalereya




Teqlər: VIÜmumdünyaMədəniyyətlərarasıDialoqForumu  





Xəbər lenti