Şoyqunun müavininin həbsi ilə bağlı yeni iddialar

 Şoyqunun müavininin həbsi ilə bağlı   yeni iddialar
  24 Aprel 2024    Oxunub:785
Rusiyanın Müdafiə nazirinin müavini Timur İvanov külli miqdarda rüşvət aldığına görə həbs edilsə də, onun dövlətə xəyanətdə şübhəli bilinəcəyi istisna olunmur.
AzVision.az xəbər verir ki, Rusiyanın Dövlət Təhlükəsizlik Xidmətinə (FTX) yaxın olan iki mənbə Rusiya KİV-lərinə Timur İvanovun həbsinin arxasında əslində dövlətə xəyanət amilinin dayandığını bildirib.

“Rüşvət məsələsi cəmiyyət üçündür. Hələlik dövlətə xəyanət barədə danışmaq istəmirlər – böyük qalmaqaldır. Hər halda İvanov Müdafiə nazirinin müavinidir” , - həmsöhbətlərdən biri deyib.

Digər mənbə isə bildirib ki, hamının hər şeydən çoxdan xəbəri olduğu üçün Timur İvanovu korrupsiyaya görə həbs etməzdilər. Lakin Timur İvanovun vəkili Murad Musayev dövlətə xəyanət əməlləri ilə bağlı iddiaları təkzib edib.

Rusiyanın müdafiə nazirinin müavininə 2 aylıq həbs verildi
Qeyd edək ki, dünən Moskvanın Basmannı rayon məhkəməsi külli miqdarda rüşvət almaqda ittiham olunan Rusiya müdafiə nazirinin müavini Timur İvanova qarşı iki aylıq həbs qətimkan tədbiri seçib.

Rusiya mediasının məlumatına görə, FTX-nin Hərbi Əks-Kəşfiyyat İdarəsi (HƏKİ) uzun illərdir ki, İvanovu ifşa edən materiallara malikdir. Lakin Sergey Şoyqunun öz müavinini müdafiə etməsi səbəbindən əvvəllər Rusiya rəhbərliyi bu materiallardan yararlanmağa icazə verməyib.

“İndi onunla nə edəcəklərinə qərar verirlər: ya onu rüşvətə görə həbs edib zonada “bitirəcəklər” , ya da ittihamı vətənə xəyanət cinayətinə dəyişəcəklər”, - mənbələrdən biri vurğulayıb.

Dövlətə xəyanət (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi) üzrə cinayət işləri isə FTX-nin səlahiyyətindədir. Dövlətə xəyanət və casusluq əməlləri “gizli” və “tam məxfi” işlər kimi təsnif edilir. Ötən ilin aprelində Rusiya prezidenti dövlətə xəyanətə görə ömürlük həbs cəzası verilməsi haqqında qanun imzalayıb. Buna qədər həmin cinayətə görə12 ildən 20 ilə qədər həbs cəzası nəzərdə tutulurdu.

Maraqlıdır ki, Timur İvanov Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyi üçün 2022-ci ilin martında Rusiya müdafiə sektorunun 11 yüksək vəzifəli nümayəndəsi arasında ABŞ-nin sanksiyaları siyahısına daxil edilib. Eyni zamanda, ona qarşı Böyük Britaniya, Avropa İttifaqı və Kanada da sanksiya məhdudiyyətləri qoyub.

Bu arada Rusiyanın “Baza” internet-nəşri İvanovun keçmiş həyat yoldaşı Svetlana Zaxarovanın yaxınlarının onunla əlaqə saxlaya bilmədiyini yazıb.
Təsdiqlənməmiş məlumatlara görə, Manioviç və İvanova soyadları ilə tanınan 50 yaşlı qadın keçmiş əri ilə birlikdə saxlanıla bilər.


Xanım Zaxarovanın reklam xidmətləri üzrə ixtisaslaşan “Private Technologies” MMC-də paya malik olduğu bildirilir. O, həmçinin Timur İvanovun atası Vadim İvanovla birlikdə “Crystal Development” şirkətinin sahibidir. Bu şirkət electron lampalar üçün hissələr, vakuum borucuqları və digər elektron komponentlər istehsal edir. Əvvəllər nazir müavininin keçmiş həyat yoldaşı daşınmaz əmlakın idarə edilməsi üzrə “Vaş Dom” və istehlak kreditləri verən “MKK Credit Line” şirkətlərinin təsisçisi olub.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   İvanov   xəyanət  





Xəbər lenti