Moskvada terror törədənin qohumları Tacikistanda saxlanılıb

   Moskvada terror törədənin qohumları Tacikistanda saxlanılıb
  28 Mart 2024    Oxunub:720
Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan Fəridun Şəmsiddinin Tacikistandakı qohumları saxlanılıb.
AzVision.az xəbər verir ki, nu barədə Asia-Plus məlumat yayıb.

Şəmsiddinin evi Düşənbədən 25 kilometr aralıda, Loyobi kəndində yerləşir. Şübhəlinin dayısının arvadı agentliyə müsahibəsində bildirib ki, bütün qohumlarını aparan “rəsmi geyimli şəxslər” çox güman ki, Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Qadənın verdiyi məlumata görə, onları martın 23-də aparıblar. Bu məlumatı ailənin qonşularından biri də təsdiqləyib.

Nəşr eyni zamanda Şəmsiddinin bacısı və üç uşağının da Rusiyadan deportasiya edildiyini qeyd edib. “Asia-Plus”un məlumatına görə, Məhbubə Zəgərovanın 3 övladı ilə ölkədən çıxarılması tələbi onun Fəridunu evində qeydiyyata alması ilə əsaslandırılıb.

Qeyd edək ki, martın 22-də axşam saatlarında "Crocus City Hall"da terror aktı baş verib. Müstəntiqlərin fikrincə, konsert zalında "Piknik" qrupunun çıxışından əvvəl avtomatlarla silahlanmış 4 nəfər ziyarətçilərə atəş açıb, daha sonra hücumu konsert məkanının daxilində davam etdirib.

Daha sonra binada güclü yanğın olub. İstintaq Komitəsinin məlumatına görə, cinayətkarlar bunun üçün benzindən istifadə ediblər.

Martın 23-də səhər saatlarında terror aktında şübhəli bilinən dörd nəfər Bryansk vilayətində saxlanılıb, ertəsi gün onlar tutularaq istintaq təcridxanasına göndərilib. Daha sonra terrorçuların qaçmaq üçün istifadə etdiyi avtomobilin satışı ilə bağlı iş üzrə daha üç müttəhim həbs edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti