Misir ehramı qranitlə örtülür: "Piza qülləsini düzəltməkdən fərqsizdir" - FOTO / VİDEO

   Misir ehramı qranitlə örtülür:    "Piza qülləsini düzəltməkdən fərqsizdir" -    FOTO / VİDEO
  01 Fevral 2024    Oxunub:1440
Misirin Cizə şəhərində, paytaxt Qahirənin cənub-qərbində yerləşən qədim Misir piramidalarından ən kiçiyinin - Mikerin ehramının bərpa prosesi kəskin reaksiya ilə qarşılanıb.
AzVision.az xəbər verir ki, piramidanın bərpası yapon restavrasiya şirkəti tərəfindən həyata keçirilir. Məlumata görə, iş 3 il ərzində tamamlanacaq.

Sözügedən ehram Qədim Misirdə dördüncü sülalənin hakimiyyəti zamanı (e.ə. 2510-cu ildə) firon Mikerinin məzarı kimi tikilib.

Rəsmi Qahirə bərpa prosesinə icazə versə də, bir çox mütəxəssis qədim abidəyə müdaxilənin qətiyyətlə əleyhinədir.

"Bu, əyilmiş Piza qülləsini düzəltməkdən fərqsizdir", - sosial şəbəkədə etirazını bildirən mütəxəssislər söyləyirlər.

Qahirə Universitetinin akademiki İbrahim Bədr də özünün "X" hesabında layihəyə qarşı çıxdığını bildirib.

"Restavrasiya ilə bağlı beynəlxalq qaydalardan xəbərsizdirlər. Bu qaydalar Misir ehramları üçün daha sərtdir. Bərpa mütəxəssisləri və arxeoloqlarla məsləhətləşmədən ehramı necə qranitlə örtə bilərlər?!", - o yazıb.

Qahirə Amerikan Universitetində çalışan tədqiqatçı Səlimə İkram isə layihəni tərəddüdlə qarşıladığını dilə gətirib.

"Maraqlı iş kimi görünür, amma ağrısını sonra çəkəcəyik", - xanım tədqiqatçı söyləyib.

Hökumət reaksiyalara cavabən layihəni nəzərdən keçirmək üçün komissiya yaratsa da, restavrasiya işləri hazırda davam edir.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti