Daha bir yol yenidən qurulur
Layihə çərçivəsində küçənin eni 4-5 metrdən yerlərdən asılı olaraq 9-12 metrə qədər genişləndirilib. Yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılıb.
Hazırda yolun asfaltlanması işlərinə start verilib. Ümumilikdə yolun asfaltlanması üçün 20 min m2 sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Etibar Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1,5 m enində piyada səkiləri inşa edilib. Piyada səkilərinin salınması üçün 5 min p/m səki daşından istifadə olunub.
Layihəyə uyğun olaraq yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyat keçidlər salınıb, 15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub, yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulub həmçinin 6 yerdə yolun altından dəmir-beton borular da quraşdırılıb.
Qeyd edək ki, asfaltlanma işləri tamamilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsinə başlanacaq.
AzVision.az