"Uklon" taksi xidməti ölkəmizdə fəaliyyətini dayandırır

   "Uklon" taksi xidməti ölkəmizdə fəaliyyətini dayandırır
  23 Aprel 2024    Oxunub:731
Yaxın zamanda "Uklon" taksi xidməti ölkədə fəaliyyətini dayandıracaq.
"PAŞA Holding"in mətbuat xidmətindən AzVision.az -a məlumat verilib ki, holdinq öz ekosistem strategiyası çərçivəsində genişləndirmək, daha da inkişaf etmək məqsədilə yeni, müasir, mütərəqqi biznes sahələrini araşdırır, eyni zamanda, mövcud sahələrin təkmilləşdirilməsi üzərində işləyir, bu sahələrdən biri də taksi sifarişi platformaları ilə əməkdaşlıqdır.

"2023-cü ildə "PAŞA Holding" Ukraynanın "Uklon" şirkəti ilə əməkdaşlığa başlayıb. Birgə tərəfdaşlıq zamanı taksi biznesinin ekosistemə müsbət təsiri, eləcə də bu biznesin ümumilikdə ekosistemə yeni müştərilərin cəlb edilməsi və saxlanılması baxımından faydalılığı müşahidə olundu. Ekosistemin bir hissəsi olan "Umico" ilə birgə kampaniyalar da müştərilər tərəfindən müsbət qarşılandı. Bütün bunları nəzər alaraq, şirkət bu biznesin ekosistemin cari müştərilərinə daha böyük fayda təqdim etməsi məqsədilə yeni həll yolları axtarır. Bu biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirmək istəyirik. Bu məqsədlərə nail olmaq üçün "PAŞA Holding" avtonəqliyyat sifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdən keçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır. "Uklon" ilə tərəfdaşlıq bizim inkişafımızda mühüm addım oldu və biz bu dəyərli təcrübə üçün tərəfdaşımıza minnətdarıq", - məlumatda bildirilir.

AzVision.az


Teqlər: taksi   PAŞA-HOLDİNG  





Xəbər lenti