Qətərə verilən vaxt 48 saat uzadıldı
Qətərin xarici işlər naziri Məhəmməd ibn Əbdürrəhman Əl-Tani daha əvvəl verdiyi açıqlamada bəyan etmişdi ki, ölkəsi tələbnamədə irəli sürülən tələbləri qəbul etmir: “Qətər böhrandan çıxmaq üçün Körfəz ölkələri ilə danışıqlar aparmağa hazırdır. Bu niyyətlə danışıqlar masasına oturmağa hazırıq. Qətər regional təhlükəsizlik və sabitliyə dair məsələləri müzakirə etmək üçün danışıqlar masasının ətrafına əyləşmək niyyətindədir”.
Qeyd edək ki, Qətərə təqdim olunan siyahıda İranla diplomatik münasibətlərin dayandırılması, İrandakı ofislərini bağlaması, həmçinin İranla hərbi sahədə əməkdaşlığa son qoyması, "Müsəlman qardaşlar", İŞİD, "əl-Qaidə" və "Hizbullah" kimi terror təşkilatları ilə əlaqələri dayandırması, bu təşkilatları rəsmi olaraq terrorçu elan etməsi; "əl-Cəzirə" və digər media qurumlarını bağlaması da tələb olunur. Bundan başqa Qətərdən Türkiyənin bu ölkədə hərbi iştirakına son qoyulması tələbi də var.
Xatırladaq ki, iyunun 5-dən etibarən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Yəmən, Liviya və Maldiv Adaları və digər dövlətlər Qətərlə diplomatik əlaqələri kəsib. Buna səbəb kimi Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək etməsini əsas səbəb kimi göstərilib.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Qətər Körfəz-ölkələri