Avropadan enerji xəbərdarlığı: Yeni era reallıqdır, yoxsa şantaj?

  Avropadan enerji xəbərdarlığı: Yeni era reallıqdır, yoxsa şantaj?
  22 Aprel 2024    Oxunub:741
Almaniya kansleri Olaf Şolts bildirib ki, qalıq yanacaq erası başa çatır. Bu isə sənaye proseslərində dəyişikliklərə səbəb olacaq.
“Qalıq yanacaq erasının başa çatması sənaye proseslərinin dəyişdirilməsi deməkdir” ,- Şolts Norveçin baş naziri Yonas Qar Stör ilə söhbətində deyib.



Kanslerin fikrincə, yeni şərait Norveçin yaşıl enerji - külək və su enerjisi təchizatçısı olmaq imkanını artıracaq. Şolts həmçinin Berlin Rusiya ilə ticarət əlaqələrini kəsəndən sonra ölkəsinin qazla təminatında köməyinə görə Norveçə təşəkkür edib.

"Berlin bir neçə ay ərzində Rusiyadan enerji asılılığını tamamilə aradan qaldıra bildi" , - Şoltsun sözlərinə görə, Norveç Almaniyanın ən böyük qaz tədarükçüsü olaraq qalacaq.

Həqiqətənmi qalıq yanacaq erası başa çatır? Avropa tamamilə ilə alternativ enerjiyə keçid edə biləcəkmi? Yoxsa, bu cür bəyanatlar Qərbin neft-qaz ölkələrinə bir təzyiq vasitəsidir.

Suallara enerji məsələləri üzrə ekspert, “Neft araşdırmaları mərkəzi”nin rəhbəri İlham Şabanla aydınlıq gətirməyə çalışdıq.

Ekspertin sözlərinə görə, Avropa ötən il alternativ enerji mənbələrində istehsal edilən elektrik enerjisi hesabına öz ehtiyacının 42 faizini ödəyib. Qalan hissəsini isə ənənəvi enerjidən - kömür və qazdan istifadə etməklə təmin edib.

- İndi isə alternativ enerjidən istifadəni genişləndirmək fikirləri var, 2050-ci ilə qədər buna tam nail olmaq üçün qarşılarına məqsəd qoyublar. Ənənəvi enerjidən imtina əlavə imkanlar, texnologiyalar, zaman və kapital tələb edən bir şeydir.

Rusiya-Ukrayna münaqişəsi başlayanda Rusiyanın enerji daşıyıcılarından 50 illik məcburi asılılığı100 milyard kubmetr aşağı sala bildilər. Bu, bir inqilabdır. İndi əvvəlkindən fərqli olaraq 155 milyard kubmetr deyil, 50 milyard kubmetrə qədər qaz alırlar.

İkinci bir tərəfdən isə ABŞ-dən ənənəvi enerji-qaz asılılığını artırırlar.

Avropada alternativ enerjinin artırılmasında günəş enerjisinin rolu azdır. Günəşli ölkə olmadıqları üçün külək enerjisi birinci variantda olmalıdır. Buna görə isə geniş ərazi tələb olunur. Kənd təsərüfatına yararlı torpaqlarda turbinlər quraşdırmaq mümkün deyil. Onlar əsasən dənizlərdə quraşdırılır. Bu isə quru sahəsindəkindən ən azı 5 dəfə baha başa gəlir. Ancaq Avropa çətinliklərə, elektrik enerjisinin qiymətinin 7 dəfə qalxmasına baxmayaraq, dediyindən dönmür. Hələki əzmkarlıq göstərirlər. Avropa liderləri bildirirlər ki, 2025-ci ilin sonuna kimi Rusiya ilə qaz və enerji ticarətini tam dayandıracaqlar.

Onların dediyini qəribçiliyə salmaq olmaz. Ancaq prosesin tezliklə başa çatacağını da düşünməməliyik.



İ. Şaban alternativ enerjiyə tam keçidin neft ölkələrinin bazarına təsirindən də danışıb. O bildirib ki, bunun ölkəmiz üçün hər hansı qorxusu yoxdur:

- 2050-ci ilə qədər neft hasil edib-etməyəcəyimiz bəlli deyil. Çünki Azərbaycanda neft hər il 1,5 milyon ton azalır. 2010-cu ildə Azərbaycanda təqribən 51 milyon ton neft hasil edilmişdi. 2024-cü ildə 30 milyondan az neft hasil olunacaq. 14 il ərzində hasilatda 20 milyondan çox azalma müşahidə olunub. Bu tepmlə getsək, 2045-ci ildə neftimiz qurtaracaq. Ona görə də, 2050-ci ildən sonra dünyanın ənənəvi deyil, alternativ enerjidən istifadə etməsi bizi qorxutmamalıdır.

Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Azərbaycanda neftin tükənməsi hər şeyin sonu demək deyil. Biz də axına uyğun olaraq alternativ enrjidən istifadə edəcəyik. Naxçıvan və işğaldan azad olunmuş ərazilərdə alternativ enerji üçün hər cür şərait var.

Ölkəmizdə bu il 5 ədəd böyük həcmli alternativ mənbəli elektrik stansiyasının bünövrəsi qoyulacaq. Azərbaycan artıq elektrik enerjisinin layihə gücünün 30 faizini alternativ enerjidən alır. Bir sözlə, qeyri-neft sektoru yüksək templə inkişaf edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti