Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR
  04 Dekabr 2017    Oxunub:17571
Dünyanın əksər ölkələrində məktəbyaşlı uşaqların kütləvi piylənməsi müşahidə edilir. Buna səbəb məktəblilərin düzgün qidalanmaması, "fast-food" və qazlı içkilərdən daha çox istifadə etməsi göstərilir. Tez hazırlanan "fast-food"lar ölkəmizdə də uşaqların gündəlik və sevimli yeməyidir.
Uşaqların sağlam böyüməsi üçün ilk növbədə onların düzgün qidalanmasına fikir verməliyik. Bu səbəbdən məktəb bufetlərində satılan qida məhsullarına diqqət yetirmək lazımdır. Bəs, məktəb bufetlərində şagirdlərə təklif olunan məhsullar keyfiyyətlidirmi?

AzVision.az-ın əməkdaşları bu suala cavab tapmaq üçün paytaxtda yerləşən məktəblərə baş çəkərək, bufetlərdəki vəziyyətlə tanış olublar.



Müşahidə apardığımız 18 nömrəli məktəbdə şagirdlərlə müxtəlif çeşidli şirniyyatlarla yanaşı məktəbin bufetində hazırlanan isti yeməklər təklif olunur.

2 ildir məktəb bufetini işlətdiyini deyən Ziyafət Pirqulu bildirib ki, uşaqlar üçün hər gün şorba, qarabaşaq və plov bişirilir.



Şagirdlərin çoxu qidalanmaq üçün tənəffüs vaxtı bufetə üz tutur. Onlarla söhbətimizdə bufetdə satılan məhsullardan razı qaldıqlarını dedilər.

Məktəb bufetindən şagirdlərlə yanaşı müəllim və valideynlər də istifadə edir. Ziyafət Pirqulu deyib ki, bufetdə qadağan olunmuş məhsullar satılmır. Yeməklər xüsusi siyahı əsasında hazırlanır.



Bufetdə satılan məhsulların qiymətləri şagirdlər üçün münasibdir. Şirniyyatlar 30-50 qəpik, qazan yeməkləri isə 0.50-1.50 manata təklif olunur.

Paytaxtın 46 nömrəli məktəbində isə şagirdlərə qazan yeməkləri təklif olunmur. Bufetdə çalışan Əzizpikə Ələkbərova deyib ki, onlar əsasən un məmulatları, “hot dog”, pizza və hazır şirniyyat məhsulları satırlar.

Valideynlər övladlarının sağlam qidalanmasını müşahidə etmək üçün məktəbin bufetinə baş çəkə bilər. Bunun üçün məktəb rəhbərliyi tərəfindən onlara şərait yaradılır.



Şagirdlərin sağlamlığının vacib olduğunu deyən 46 nömrəli məktəbin direktoru Sevinc Budaqova vurğulayıb ki, yeməkxananın təmizliyi, hazırlanan və gətirilən qidalar daim nəzarətdə saxlanılır.

Direktor bildirib ki, şagirdlərə səhər isti kakaolu süd təklif olunur. Həmçinin şagirdlərin yeməkdən öncə və sonra əllərini yuması üçün şərait yaradılıb.



Yemək tək cismin deyil, həm də ruhun qidasıdır. Gələcəyimiz olan məktəblilərin yaxşı təhsil alması, məktəbdə öyrəndiklərini tez qavraması üçün onların qidalanmasına ciddi diqqət yetirməliyik.







































Aytən Zəhra
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az

Qalereya




Teqlər: Məktəb   Bufet  





Xəbər lenti