“Oğlum bu vəzifəyə görə bir qəpik də pul almır” - Deputat

“Oğlum bu vəzifəyə görə bir qəpik də pul almır” - Deputat
  17 Oktyabr 2017    Oxunub:12217
Oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirilib. Qurultayda deputat Araz Əlizadə yenidən partiyanın sədri seçilib.

Onun oğlu Səməd Əlizadə beynəlxalq məsələlər üzrə, Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər.
Partiyanın Mərkəzi Komitəsinə isə 11 nəfər üzv seçilib. Partiya sədrinin oğlu Səməd Əlizadənin beynəlxalq məsələlər üzrə müavin olması sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Hesab edirlər ki, Araz Əlizadə oğlunu öz yerinə sədr gətirmək istəyir.

Bu məsələ ilə bağlı AzVision.az-a açıqlama verən partiya sədri, deputat Araz Əlizadə bildirib ki, oğlu vəzifəyə gizli səsvermə yolu ilə seçilib:

“Oğlumu öz yerimə hazırlamağımla bağlı əsassız iddialara gəlincə, mən hələ yaşayıram və yaşayacağam. Kim gözləyirsə ki, mən gedəcəm, çox böyük səhv edir. Mənim oğlum Azərbaycan vətəndaşıdır və onun da seçib, seçilmək hüququ var”.

A.Əlizadə qeyd edib ki, Səməd Əlizadə 2014-cü ildən partiyada beynəlxalq katib vəzifəsində çalışır: “Oğlum beynəlxalq aləmdə Azərbaycanın mövqeyini müdafiə edir. Sosialist İnternasionalında (“Sosintern”) bizimlə tərəf müqabili olan daşnaklarla mübarizə aparır. Əgər bu qurultayda onun vəzifəsi bir qədər də artıbsa və bu vəzifəyə görə bir qəpik də pul almırsa, nəyə görə insanlar bundan narahatdırlar? İndiyə qədər maraqlanmayıblar ki, partiyamızda beynəlxalq katib kimdir”.

Partiyada kadr çatışmamazlığı ilə bağlı iddialarla bağlı A.Əlizadə deyib: “Bizdə kadr yoxdur? Qoy, onlarda kadr çox, bizdə az olsun. Lakin baxsınlar ki, bu qurultayda nə qədər gənc kadr müxtəlif vəzifələrə seçilib. Hazırda partiya rəhbərliyində köhnələrdən bir mən, bir də Təhməz Məmmədov qalıb. Əgər partiyanın kard potensialı olmasaydı, yeniləşmə getməzdi. Yeniləşmə gedibsə, deməli, bizdə kadr var”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Araz-Əlizadə  





Xəbər lenti