“Bir qaşıq ye, ömrün uzansın...” – FOTOLAR+VİDEO

“Bir qaşıq ye, ömrün uzansın...” – FOTOLAR+VİDEO
  10 Oktyabr 2017    Oxunub:14527
Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə ənənəvi bal yarmarkası keçirilir. Bu gündən açılan yarmarkaya ölkənin müxtəlif bölgələrindən məhsullar gətirilib.

Satıcıların bildirdiyinə görə, məhsullar keyfiyyətli, qiymətlər isə ucuzdur.
“Sən bunun dadına bax, belə baldan həyatın boyu yeməmisən, hələ bir qaşıq ye, ömrün uzansın” – deyə gülərüz, şirindil satıcılar yarmarkada alıcı ovuna çıxırlar. Kimisi şirin dili ilə, kimisi də keyfiyyətli məhsulu ilə müştərilər cəlb edə bilir.





Satıcıların dediyinə görə, balın bir kiloqramının qiyməti 20 manatdan başlayır. Qiymətlər balın növünə və keyfiyyətinə görə dəyişir. Yarmarkada “May” balı, “Dağ-Cökə” balı 25 -30 manata, “Şabalıd” balı isə 40 manata müştərilərə təklif olunur.

AMAY Ticarət mərkəzində keçirilən yarmarkada balla yanaşı arı qaymağı, arı şanı və mum da satışa çıxarılıb.

Satıcılar bildirirlər ki, arının dirisi də faydalıdır, ölüsü də. Ölü arılar bir çox xəstəliklərin dərmanıdır. Ölmüş arılardan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə edilir.

Yarmarkada arı qaymağının qiyməti 25-30 manatadır. Arıçılar deyir ki, bu məhsul mədədə olan qızartı və yaranı sağaldır.



Arının digər məhsulu olan mumun qiyməti bu il bir qədər bahalaşıb. Yarmarkada 1 arı mumu 1 manata satılırsa, digər yerlərdə iki-üç manatadır.

Propolisin qiyməti isə qramından asılı olaraq 1-5 manat arası dəyişir. Satıcılar bildirdilər ki, bal qədər faydalı olan bu məhsullar can dərmanıdır. Hətta bir həkimin tibb qutusuna bərabərdir.



Bal yarmarkasının açılışında çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov vurğulayıb ki, ötən il baş tutan yarmarka ilə müqayisədə bu il həm iştirakçıların, həm də satışa çıxarılan məhsulun sayı çoxluq təşkil edir. O, vurğulayıb ki, bu il 333 nəfər arıçı öz məhsulunu satışa çıxarıb.



Nazir müavini əlavə edib ki, ötən il olduğu kimi, bu il də yarmarkada üstünlüyü Lənkəran bölgəsi təşkil edir. Belə ki, bu regionu 107 nəfər təmsil edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan 76 nəfər, Gəncə-Qazax zonasından isə 60 nəfər yarmarkaya qatılıb.

Nazirlik rəsmisi yarmarkaya çıxarılan məhsullara ciddi nəzarət edildiyini söyləyib: “Bütün məhsullardan nümunələr götürülərək respublika laboratoriyasına göndərilib. 22,5 ton bal standartların tələblərinə cavab vermədiyinə görə, satışdan kənarlaşdırılıb”.
























Müxbir: Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov

AzVision.az

Qalereya




Teqlər: Bal   Yarmarka  





Xəbər lenti