“İqtisadiyyat keçicidir, geosiyasət qalır” – Kalaşnikov

  14 Sentyabr 2017    Oxunub : 2070
“İqtisadiyyat keçicidir, geosiyasət qalır” – Kalaşnikov

Hər iki ölkənin prezidentlərinin əməkdaşlığı və səyləri nəticəsində son zamanlar əlaqələrimiz olduqca yaxşıdır və bizim şikayət etməyə haqqımız yoxdur. Əgər maliyyə, iqtisadi böhran, həmçinin karbohidrogenlərin dəyərində qiymət azalması olmasaydı, əməkdaşlığımız daha yaxşı olardı.

AzVision.az xəbər verir ki, bunu “MoskvaBakı oxu” konfransından əvvəl jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının üzvü, rusiyalı siyasətçi Leonid Kalaşnikov bildirib.

“Biz müəyyən problemlərin olduğu sahələrdə belə ümumi dil tapa bilirik. Mənə elə gəlir ki, bu ilk növbədə prezidentlərin müdrikliyi hesabına başa gəlir. Biz yaxşı anlayırıq ki, iqtisadiyyat keçicidir, lakin geosiyasət və bizim xalqlarımızın dostluğu qalır”, - deyə Kalaşnikov vurğulayıb.

Kalaşnikov rus dilinin inkişafı baxımından Azərbaycanı daima nümunə göstərdiyini vurğulayıb: “Rus dilinin Azərbaycanda inkişafına gəldikdə isə, mən həmişə sizin ölkənizi nümunə göstərirəm. Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın bu məsələdə səyləri var. Məsələn, mən bu yaxınlarda Bakının mərkəzində açılışında onun da iştirak etdiyi və yardım göstərdiyi məktəbdə oldum. Bakıda belə məktəblərin sayı 400-ə yaxındır. Bu barədə burada çox az adam danışır. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda rus dilində danışanların sayı əksər MDB ölkələrindəkindən çoxdur”.

Vüsal Məmmədov
Eldar Tanrıverdiyev

AzVision.az

Teqlər: Kalaşnikov