"Xanəndənin taleyi" operasının premyerası olacaq

"Xanəndənin taleyi" operasının premyerası olacaq
  13 Sentyabr 2017    Oxunub:8120

Opera və Balet Teatrı Azərbaycan bəstəkarlarının ən dəyərli opera və balet tamaşalarına yeni səhnə həyatı vermək istiqamətində faydalı ənənəsini bu mövsümdə də davam etdirir.
Teatrın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, növbəti tamaşa Azərbaycanın görkəmli bəstəkarı Xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasının tamaşası olacaqdır. Premyerası oktyabrın 7-də baş tutacaq tamaşa 109-cu mövsümün ilk premyerasıdır.

Cahangir Cahangirov "Xanəndənin taleyi" operasını 1978-ci ildə qələmə almış və həmin ildə opera səhnəyə qoyulmuşdur. Maraqlı süjet xətti olan tamaşa XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun hələ gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir.

Qeyd edək ki, operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, Xalq artisti Baba Mahmudoğlu ifa etmişdi.
Yeni quruluşda isə əsas qəhrəmanın obrazını Teatrın solisti - Əməkdar artist İlkin Əhmədov yaradacaqdır. Premyera tamaşasında həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Xanım), Fərid Əliyev (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova (Xanəndə qız), solistlər Tural Ağasıyev (Aşur bəy), Fəhmin Əhmədli (Qasım), Tələt Hüseynov (Məmməd) çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

İki pərdəli opera tamaşası üçün çox baxımlı və rəngarəng dekorasiya və kostyumlar hazırlanmışdır. Səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi isə Əməkdar mədəniyyət işçisi, rəssam Tehran Babayevdir.

Şahanə Rəhimli




Teqlər:





Xəbər lenti