İlham Əliyevdən Cocuq Mərcanlı ilə bağlı növbəti Sərəncam

İlham Əliyevdən Cocuq Mərcanlı ilə bağlı növbəti Sərəncam
  13 Sentyabr 2017    Oxunub:2962
Prezident İlham Əliyev sentyabrın 13-də “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb.
AzVision.az -ın xəbərinə görə, sərəncamda qeyd olunub ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, 50 ev, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilmiş, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilmiş və artıq 172 nəfərdən ibarət 45 ailə öz doğma yurduna qayıtmışdır. Hazırda 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Cocuq-Mərcanlı  





Xəbər lenti