Prezident Zuğulbada idman bazasının açılışında - FOTOLAR (Yenilənib )

Prezident Zuğulbada idman bazasının açılışında -  FOTOLAR (Yenilənib )
  08 Sentyabr 2017    Oxunub:4221
Sentyabrın 8-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışı olub.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı Zuğulba tədris idman bazasının rəmzi açılışını bildirən lenti kəsdi. Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə yeni tədris müəssisəsi barədə məlumat verdi.

Bildirildi ki, burada inşaat işlərinə 2015-ci ildə başlanılıb. Kompleksin tikintisi yüksək keyfiyyətlə və müasir səviyyədə aparılıb. İdman bazasının ümumi sahəsi 1 hektara yaxındır. Baza yataqxana və idman sağlamlıq korpusları, amfiteatr, həmçinin mini futbol və basketbol meydançalarından ibarətdir.

Dövlətimizin başçısı müəssisənin idman sağlamlıq korpusunda yaradılan şəraitlə tanış oldu.

Son illərdə Azərbaycanda yeni məktəb binalarının inşası, idman komplekslərinin tikintisi, mövcudlarının isə müasir səviyyəyə çatdırılması istiqamətində böyük işlər görülüb. Bunun nəticəsidir ki, ölkədə yeni məktəb binalarının, tədris idman komplekslərinin sayı sürətlə artıb. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə son illərdə bu istiqamətdə icra edilən layihələrin əsas məqsədi gənc nəslin daha savadlı və bilikli olması ilə yanaşı, həm də sağlam böyüməsidir. Bu cür komplekslər yeniyetmə və gənclərə idmanın müxtəlif növləri ilə məşğul olmağa hərtərəfli şərait yaradır.

Yeni istifadəyə verilən bu bazada əsasən yığma komandaların təlim məşq toplantılarının, idmanın müxtəlif növləri üzrə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, aktual mövzularda seminarların təşkil edilməsi, idmanda fərqlənən məktəblilər üçün yay düşərgələrinin yaradılması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili nəzərdə tutulur.

Prezident İlham Əliyev gələcəyimiz olan gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşıb, onların təhsil, sosial məsələlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili, həmçinin idmanla məşğul olmaları üçün çox mühüm işlər görüb. Belə komplekslərin istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən layihələrin tərkib hissəsidir. Bu baza gənclərin hərtərəfli inkişafı, onların fiziki cəhətdən sağlam olması kimi məsələlərdə vacib rol oynayır. Tədris idman bazası idmançılar üçün də geniş imkanlar açır.

Bu cür komplekslər Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasında, gənc nəsildə idmana olan marağın artırılmasında böyük əhəmiyyətə malikdir. Ölkədə digər sahələrdə olduğu kimi, təhsil və idman sferalarında da aparılan əsaslı islahatlar çərçivəsində belə komplekslərin istifadəyə verilməsi sübut edir ki, ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir.

Zuğulba tədris idman bazasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

AzVision.az

Qalereya




Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti