Lapşinin müraciətinə baxıla bilər - Ədliyyə Nazirliyi

Lapşinin müraciətinə baxıla bilər - Ədliyyə Nazirliyi
  26 İyul 2017    Oxunub:1339
“Aleksandr Lapşinin müraciətinə o zaman baxıla bilər ki, onun barəsində olan hökm qanuni qüvvəyə minsin”.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov deyib.

A. Lapşinin İsrailin Azərbaycandakı səfirliyinə bu ölkəyə təhvil verilməsi üçün müraciətinə münasibət bildirən F. Qurbanov bildirib ki, məhkəmə qərarı qüvvəyə minəndən sonra beynəlxalq müqavilələr, normalar əsasında bu məsələyə baxıla bilər: “Qanunvericiliyə uyğun olaraq, hər bir məhkumun belə müraciət etmək hüquq var və ondan istifadə edə bilər”.

Qeyd edək ki, A. Lapşin bu gün İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə təhvil verilməsini istədiyini deyib.

A. Lapşin barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verməkdən imtina edib.

Aleksandr Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

A. Lapşin məhkəmədə son söz deyərkən Azərbaycan xalqına mənəvi əzab verdiyi üçün peşman olduğunu deyib: "Mənim Azərbaycan xalqı qarşısında günahım yalnız mənəvi sahədədir, heç bir halda hüquqi müstəvidə deyil. Mən başa düşürəm ki, Qarabağ Azərbaycan üçün nə qədər vacibdir. Men heç bir halda erməni hakimiyyəti ilə cinayət əlaqəsinə girməmişəm".

A. Lapşin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına ümid etdiyini deyib: "Mən peşmanam ki, Qarabağa səfər edərək, işğal nəticəsində əziyyət çəkən sakinlərə mənəvi əzab vermişəm. Mənim işğal haqqında təsəvvürüm olmayıb. Burda olanda da mənə yaxşı münasibət göstərilib".

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Bloqger barəsində olan hökmdən apellyasiya şikayəti verməkdən imtina edib və İsrailə təhvil verilməsini istəyib.

AzVision.az


Teqlər: Lapşin   İsrail  





Xəbər lenti