Azərbaycanda ilk Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib - FOTO/VİDEO

 Azərbaycanda ilk Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib -    FOTO/VİDEO
  21 May 2024    Oxunub:1570
May ayının 21-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar “Çövkən” Liqasının açılış mərasimi keçirilib.
AzVision.az xəbər veerir ki, tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına xüsusi qayğısı sayəsində əldə olunmuş ciddi uğurlardan danışan Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev bildirib ki, milli Qarabağ at cinsinin və Çövkənin məşhurlaşdırılması sahəsində son illərdə əldə etdiyimiz mühüm nailiyyətlərin əsasında dövlət başçısının bu məsələlərə ciddi önəm verməsi dayanır.

Bu sahədə ali dövləti qayğıdan yararlanan Azərbaycan Respublikasının Atçılıq Federasiyası tərəfindən son illər ərzində görülən böyük miqyaslı işlər, Çövkən üzrə hər il ənənəvi “Prezident kuboku” turnirlərinin təşkili, 2012-ci ildən etibarən Böyük Britaniyada Qarabağ atları üzərində milli süvarilər dəstəsinin iştirakı ilə xüsusi proqramın nümayiş etdirilməsi və təmsilçilərimizin kral ailəsinin üzvləri şərəfinə təşkil olunan bu tədbirin ənənəvi üzvü statusuna yiyələnməsi, 2022-ci ildə “Şöhrət” adlı Qarabağ atının Azərbaycan Respublikası Prezidentinin hədiyyəsi kimi Ülyahəzrət II Elizabetə təqdim edilməsi, cari ilin fevral ayında 21 ölkənin iştirakı ilə Beynəlxalq Çövkən Federasiyası yaradılaraq Bakı şəhərinin qərargah qismində seçilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və digər qonaqlar iştirak edib.

Tədbirin davamında Peşəkar “Çövkən” Liqasında təmsil olunan komandaların paradı təşkil olunub, daha sonra Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda, Türkiyə və İsveçrədə nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiya, Dövlət Sərhəd Xidmətinin “Süvarilər” dəstəsi, “Qavaldaş nağara” ritm qrupu və “Cücələrim” rəqs ansamblının nümunəvi çıxışları təqdim edilib.

Rəsmi hissə başa çatdıqdan sonra Peşəkar “Çövkən” Liqasının ilk iki oyunu “Omar” 1 – 0 “Embawood” və “Sərhədçi” 7 - 0 “Ağstafa Dilbaz” komandaları arasında keçirilib.

10 komandanın mübarizə apardığı Peşəkar “Çövkən” Liqasının birinci turunun növbəti qarşılaşmaları 22 may 2024-cü il tarixində baş tutacaq.

AzVision.az

Qalereya




Teqlər: Peşəkar-Çövkən-Liqası  





Xəbər lenti